CƏMİL ƏKBƏR- ŞEİRLƏR- VIII. CİLD

İnsan oğlu fani dünyaya xəlq olunduğu gündən bütün bədən üzvləri ilə birlikdə tamam-dəstgah halda görünür. Başı, gövdəsi, əl-qolu, ayaqları ilə birlikdə mənəvi dünyası, duyğuları, hissiyatları, ruhuyla birlikdə istedadı ilə də bu cahana qədəm qoyur. Dirçəlib pərvəriş tapdığı zaman qabiliyyətləri birər-birər ortaya çıxmağa başlayır. Böyüdüyü dönəmdə biri musiqiçi, biri müğənni, biri bəstəkar, biri pedaqoq, biri mühəndis, biri həkim, biri hakim, biri yazıçı, biri şair, biri ozanlarımızın yadigarı aşıq, bir digəri isə ulu muğamlarımızın ifaçıları; ya sazəndə ya da xanəndə olur. Digər qrup insanlar isə orijinal əl ixtiraları ilə Vətənində tanınmağa başlayır, ya rəssam olur, heykəltaraş, ya da memar. Söz sənətinin rəssamları, heykəltaraşları, memarları isə bizim nöqteyi- nəzərimizcə şair adlı, poetik misralara bələnmiş söz xəzinəmizi mənəvi dəyərlərlə bəzəyən, dünya hadisələrini obrazlı deyimlə özünəməxsus duyğusu ilə vəsf edib zənginləşdirən, poeziya dünyasında öz əsərləri ilə dərin anlamlı hikmətli sözlərini demiş, mübarək möhrünü vurmuş insanlarıdır ki, onlar şairlərdir. Ucaltdığı məbədlər, heykəllər isə Şeyx Nizaminin ruh dünyasını yansıdan “Sirlər xəzinəsi”, “Yeddi gözəl”, “Xosrov Şirin”, “Leyli və Məcnun”, Sədi Şirazinin “Gülüstan”, “Bustan” kimi samballı əsərlərlə yaşayaraq günümüzədək səyyah kimi yön alıb gələrək gələcək zamanlara doğru gəşt etməkdədirlər. Belə poetik söz memarları səfində İmamverdi oğlu Cəmil Əkbər də yer almaqdadır. Bu bəxtəvər insan 50 il sərasər yazdı yaratdı, ilhamı gəldikcə əlyazma halında kiçik övladı İlqara əmanətini etibar etdi ki, “odlar diyarı” adlı Azərbaycan xalqına ərmağan olsun. Vətən övladları oxuyub öyüdnəsihətlərdən faydalanaraq mənəvi qidasını ala bilsin.